CƏBRAYIL

CƏBRAYIL
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı, rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4.5 metr, eni 2.4 metr, hündürlüyü 1.8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə, məşhur Şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində, Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı Şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər, Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66.3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.
Qəzanı qubernator tərəfindən təyin edilən rəis idarə edirdi, əhalinin 42.4%-i yarımköçəri həyat sürürdü. Cəbrayılda baramaçılıq, xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olmuşdur. Daşkəsən kəndində uzun illər fəaliyyət göstərən ipək emalı fabriki, inqilabdan sonra Xankəndinə köçürülmüşdür. Qəzada 5 ipək fabriki olub. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaranmışdı. 1840-cı ildən bazarlarda rus pulları işləməyə başlayır. 1876-cı ildə, avqust ayının 5-də Cəbrayılda bir sinifli rus məktəbi açıldı. Və nəhayət, 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olmuşdur. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, şıxlar kəndi yaxınlığında "şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu.
Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda özünə ad-san qazanmışdır. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmiş Həsən Həsənov, uzun illər Azərbaycan Respublikasının maarif naziri olmuş, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, rəhbər partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalışmış Yəhya Ağakişiyev, Svetlana Qasımova Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf Hüseynov, keçmiş SSRİ hökumətinin Türkiyə səfirliyinin əməkdaşı olmuş Qaryağdı Həsənov və başqaları bu torpağın yetişdirmələridir. Əməyə bağlılıq, halal zəhmət cəbrayıllıların həyat tərzi olmuşdur. Sosialist Əməyi Qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev və b. əmək qəhrəmanlarının adları, habelə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən 19 yaşlı Cəmil Əhmədovun adları təkcə Cəbrayılda deyil, onun hüdudlarından çox-çox kənarlarda məşhurdur.