AĞDƏRƏ

AĞDƏRƏ
Ağdərə rayonu - Azərbaycan rayonlarından biri. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunmuşdur. Bir hissəsi Tərtərə, bir hissəsi Ağdama, qərbi isə Kəlbəcər rayonuna verilmişdi.
TARİXİ. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. İnzibati mərkəzi Ağdərə şəhəri olub.
Ərazisi. Səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı qurulmuşdur. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat/saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. Rayon ərazisinin 75,59 min hektarını və yaxud 44 faizini meşələr tuturdu.
Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-ci il). Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11.3 min hektarı yem bitkiləri əkinləri idi. Rayonda üzümlüklər 3.4 min hektar sahəni tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi.
Tarixi abidələri. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur).
İqtisadiyyatı. Ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələr mövcud idi ki, bunun 628 hektarı şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafizə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 ton vahid sənaye ehtiyatı olan qızıl və 47.9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40.4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı mövcud idi.
80-ci illərin sonlarında, rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı.